CƏMİYYƏT
Sabunçu rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər aparılıb
Bakı, 25 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Məhərrəmov Yaqub İbrahim oğluna, İsmayılov Şaiq Yusif oğluna, Məmmədli Azər Rəfail oğluna, Mehdiyev Samir Pəhriz oğluna, Məmmədov Fazil Nazim oğluna, Cabbarov İlqar Müzəffər oğluna, Novruzov Ehtiram Rəhman oğluna, Adilov Rahil Adil oğluna, Hüseynov Nizami Musa oğluna, Əsədov Suqəmid Adil oğluna və Quliyev Elsevər Qəşəm oğluna məxsus məntəqələrdə baytarlıq-sanitariya ekspertizası aparılmadan qanunsuz olaraq heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib.
Faktlarla əlaqədar məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, inzibati sanksiya tədbirləri görülüb, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.