İQTİSADİYYAT
Sabunçu rayonunda yerüstü piyada keçidi inşa olunur
Bakı, 15 iyul, AZƏRTAC
Sabunçu rayonu ərazisində, “Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə doğru gedən yolda yerüstü piyada keçidinin inşasına başlanılıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yerüstü piyada keçidi metal konstruksiyalı, 2 çıxışlı, 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burada həmçinin fiziki qüsurlu insanların hərəkəti üçün xüsusi panduslar quraşdırılacaq. Keçidin uzunluğu 42,3 metr, pilləkənlərin uzunluğu 32,7 metr olmaqla qalereyasının uzunluğu 75 metr təşkil edəcək. Layihə çərçivəsində keçidin qalereyasının eni 4 metr, hündürlüyü 3,6 metr, yol səthindən hündürlüyünün isə 5,5 metr olması nəzərdə tutulub.
İlkin olaraq Bakıda avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi daha 6 ərazidə metal və dəmir-beton konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq bu istiqamətdə hazırlıq işləri görülür. Yerüstü piyada keçidlərinin tikintisində məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətinin təşkilidir.