İQTİSADİYYAT
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Sülh küçəsi əsaslı təmir olunub
Bakı, 19 aprel, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 590 metr uzunluğa malik Sülh küçəsinin əsaslı təmiri yekunlaşıb.
Bu barədə AZƏRTAC-a agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, təmir işləri çərçivəsində Sülh küçəsi boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib. Bununla yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları 2300 poqonometr uzunluğunda yeni səki daşları ilə əvəzlənib.
Küçəyə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Bu işlər 11 min kvadratmetrdən çox sahəni əhatə edib.
Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb, mümkün ərazilərdə parkinq yerləri təşkil edilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə istifadəyə verilib.
Qeyd olunub ki, cari ilin “İnvestisiya proqramı”na əsasən Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsi də daxil olmaqla 5 qəsəbə üzrə ümumi uzunluğu 12,7 kilometr olan küçə və yolların təmiri nəzərdə tutulub.
Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumilikdə uzunluğu 9 kilometr təşkil edən küçələr təmir edilib.