CƏMİYYƏT
Sabunçuda Vətən müharibəsi qaziləri mükafatlandırılıb
Bakı, 9 oktyabr, AZƏRTAC
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin təşkilatçılığı və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının ictimai təşəbbüsü ilə Vətən müharibəsinin 1 illiyi ilə əlaqədar orduda xüsusi xidmətləri olan qazilərin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində qazilər, YAP Sabunçu Rayon Təşkilatının rəhbərliyi, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi İdarə Heyətinin, həmçinin birliyin fəal üzvləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində uğurlu tarixi qələbə Zəfərinin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanı, Prezident İlham Əliyevin dəmir yumruğu və rəhbərliyi ilə müzəffər Ordumuzun göstərdiyi fədakarlıqdan danışıb. Bildirilib ki, şəhid ailələri, qazilər və müharibə iştirakçılarına diqqət və qayğı istiqamətində həyata keçirilən dövlət siyasəti birgə ictimai-siyasi fəaliyyəti zəruri edir.
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilə birgə oxşar milli-vətənpərvər təşəbbüslərlə çıxış etməkdə əsas məqsəd həmin zərurətə sosial cavabdır. O deyib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ictimai-siyasi kursu əsas götürərək, dövlət-QHT münasibətlərinin daha da inkişaf etdirilməsi fonunda vətəndaş cəmiyyəti tərəfindən bu cür ictimai dəstəyin davamlılığı təmin edilməlidir”.
Qeyd olunub ki, İctimai Birlik gələcəkdə də Yeni Azərbaycan Partiyası ilə milli, vətənpərvər ruhda birgə təşəbbüs və layihələrdə iştirak edərək həssas təbəqədən olanlara qulluq və xidmət etmək üçün imkanlarını əsirgəməyəcəkdir.
Tədbirdə 40-dan çox qaziyə mükafat və hədiyyələr təqdim edilib.