ELM VƏ TƏHSİL
Şagirdlər insan alverinə qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndiriliblər
Bakı, 26 aprel, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Təhsil Nazirliyinin və “İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ilk peşə-ixtisas təhsil müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirləri keçirilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərin keçirilməsi gəncləri insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmək, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etmək məqsədi daşıyır.
“İnsan alverinə qarşı mübarizə vacib sosial məsələdir” mövzusunda növbəti tədbir Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub. Tədbirdə mərkəzin direktoru Həsən Bayramov insan alverinin müasir dövrün aktual problemlərindən olduğunu bildirib. O, bu problemlə mübarizədə şagirdləri fəal olmağa çağırıb.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Fuad Əliyev və “İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyinin sədri Ramiz Alıyev bu sahədə görülən işlərdən və mübarizə tədbirlərindən danışaraq insan alveri və növləri, insanların hansı yollarla insan alveri qurbanına çevrildiyi, belə hallardan qorunma və insan alverinə qarşı mübarizə yolları, təhlükəsiz sığınacaq xidmətləri və “Qaynar xətt” telefon xidməti barədə şagirdlərə məlumat veriblər.
Sonda insan alverinə qarşı mübarizə tədbirlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Həmçinin şagirdlərə insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.