CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsindəki uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sərgi 20 noyabr - Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar davam edən “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilir.
Universitetin rektoru Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək sağlamlıq imkanları məhdud uşaqların bacarıq və qabiliyyətlərinin cəmiyyətə tanıdılmasının əhəmiyyətindən, sərginin təşkil olunmasının ali təhsil müəssisəsinin müəllim və tələbə heyəti üçün böyük maraq kəsb etdiyini söyləyıb.
1 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova müəssisədə uşaqların daimi dövlət təminatında yaşadıqlarını, hərtərəfli diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib.
Tədbirdə qeyd olunub ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir və onlarda 330-dan çox uşaq yaşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə hər iki müəssisədə müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Həmin müəssisələrdə hər bir uşağa fərdi qaydada yanaşılır, onların dərk etmə, sosial və emosional bacarıqlarının inkişafı üçün sosial reabilitasiyayönümlü işlər də görülür.
Sosial xidmət müəssisəsində yaşayan uşaqların əl işlərindən ibarət sərgi on gün davam edəcək.