REGİONLAR
Sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi təşkil olunub
Naxçıvan, 18 iyun, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqə iştirakçıları “Ağbulaq kəndinin mənzərəsi” və sərbəst mövzuda rəsm çəkiblər. Sonda həmin rəsm nümunələrinin sərgisi təşkil olunub və qaliblər müəyyənləşib.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Məmməd Məmmədli və Aysu Zeynalova birinci yerə layiq görülüblər. Gülay Zeynalova, Fərid Qafarlı və Pünhan Səfərov ikinci olublar. Ərkan Əsgərov, Elnurə Quliyeva və Mikayıl Məmmədov isə üçüncü sırada qərarlaşıblar.
Qaliblər və həvəsləndirici yer tutan iştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.