REGİONLAR
Şahbuz rayonunda şəhid ailələri ziyarət olunub
Şahbuz, 27 noyabr, AZƏRTAC
Şahbuzlu könüllülər Külüs kəndində şəhid ailələrini ziyarət ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, könüllülər əvvəlcə Şahbuz şəhərində Birinci Qarabağ müharibəsində və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan şahbuzluların xatirəsinə ucaldılan abidə kompleksində olub, şəhidlərin xatirəsini yad ediblər. Sonra könüllülər Külüs kəndindən olan şəhid Rzayev Zülfü Zeyni oğlunun və Qureşli Firuz Əli oğlunun ailə üzvləri ilə görüşüblər.
Diqqətə çatdırılıb ki, İkinci Qarabağ müharibəsində ölkəmizin hər bir bölgəsindən olduğu kimi, Şahbuz rayonunun qəhrəman oğulları da şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar.
Şəhid Zülfü Rzayev və Firuz Qureşli İkinci Qarabağ müharibəsində Qubadlı və Füzuli rayonlarının düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Belə qəhrəman övladlarımızın şücaəti, vətənpərvərliyi və canını Vətən uğrunda fəda etməsi xalqımızın 30 illik həsrətinə son qoyub. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Buna görə Zülfü və Firuz kimi qəhrəmanlarımızın xatirəsi heç zaman unudulmayacaq, onlar gələcək nəsillərə örnək göstəriləcəklər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonra könüllülər şəhidlərin Külüs kəndindəki məzarlarını da ziyarət ediblər.