İQTİSADİYYAT
Sahibkarlar öz təcrübələrini bölüşüblər
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində 4 sahibkarın panel müzakirələrdə çıxış etdiyi "Mən bunu bilsəydim" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, 100-dək gənc, sahibkar və qurum nümayəndəsinin qatıldığı panel müzakirələrində uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Energie Mondiale” şirkətinin təsisçisi və direktoru Elvin Mahmudov, “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İstehsalçıları Assosiasiyası”nın sədr müavini, sahibkar xanım Jalə Əmirbəyova, “Aqrarkredit” QSC-nin idarə heyətinin sədrinin baş məsləhətçisi Turhan Poyraz və “Antaris” şirkətinin baş icraçı direktoru Balağa Cəfərov mövzularda öz bilik və təcrübələrini bölüşüblər.
Moderatorluğunu Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin direktoru Əhəd Kazımovun etdiyi panel çıxışlarından sonra iştirakçıların spikerlərə biznes və təşəbbüskarlıqla bağlı ünvanlanan sualları diqqəti cəlb edib. Həmçinin tədbir həm iş adamları, həm də gənclər üçün böyük şəbəkələşmə imkanları yaradıb.
Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” 2008-ci ildə təsis edilib, artıq dünyanın 160 ölkəsini əhatə edir və ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyətini qeyd edən vacib hadisədir.