İQTİSADİYYAT
Sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində vergi islahatlarının rolu yüksəkdir
Bakı, 10 avqust, AZƏRTAC
Vergi sistemində aparılan islahatlar iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafı baxımından çox əhəmiyyətlidir.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə qeyd olunduğu kimi, vergi sistemində aparılan islahatlar, gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi məsələləri, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması ilə bağlı ölkə Prezidenti tərəfindən verilən tapşırıqlar praktik olaraq icra edilməkdədir: “Vergi ödənişlərinin payının artması, rəsmi əmək müqavilələrinin sayında müşahidə olunan artım nəticə etibarilə ondan xəbər verir ki, 2019-cu il yanvarın 1-dən sonra vergi sistemində aparılan islahatlar və yenilənmiş Vergi Məcəlləsinin tətbiqi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına şərait yaradıb”.
Onun sözlərinə görə, vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması, elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində həyata keçirilən işlər xüsusi vurğulanmalıdır.
V.Bayramov qeyd edib ki, vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsi, xüsusən də məmur və sahibkar münasibətlərinin minimallaşdırılması, elektron xidmətlərdən daha çox istifadə edilməsi, eləcə də fərqli metodlar vasitəsilə vergi mədəniyyətinin artırılması istiqamətində həyata keçirilən işlər mühüm əhəmiyyət daşıyır: "Bunlar vergi daxilolmalarının dayanıqlılığı baxımından vacibdir. Vergi birbaşa sahibkarlıq mühitinə təsir edən bir sistemdir. Bu kontekstdən yanaşdıqda, vergiqoyma vacib alətlərdəndir. Ölkə Prezidenti tərəfindən verilən tapşırıqlar da ona görə vacibdir ki, vergiqoyma vasitəsilə həm sahibkar üçün biznes mühitinin yaxşılaşdırılması, həm də dövlət büdcəsinə daha çox vəsaitin daxil edilməsi mümkün olsun”.
Ekspert əlavə edib ki, son ayların yekunları sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində vergi islahatlarının rolunun yüksək olduğunu göstərir. Yeniləşdirilmiş Vergi Məcəlləsinin ayrı-ayrı maddələrinə əsasən, qeyri-neft sektoru üzrə çalışanlar üçün gəlir vergisinə 7 il müddətində güzəştin tətbiq edilməsi, startaplar üçün vergi güzəştlərinin müəyyənləşdirilməsi, sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi və bütövlükdə ümumi vergi yükünün optimallaşdırılması islahatların tərkib hissəsidir. Bunlar sahibkarların sərəncamlarında daha çox vəsait qalmasına və ümumilikdə sahibkarlıq mühitinin yaxşılaşdırılmasına müsbət təsir edən mühüm faktorlardır.