REGİONLAR


Salyanda istixana şəraitində xiyar əkininə maraq artıb - REPORTAJ VİDEO

Salyan, 11 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Salyan rayonunda istixana şəraitində yetişdirilən xiyar əkininə maraq artıb. Dövlətin yaratdığı münbit şəraitdən yararlanan salyanlı fermerlər bu il xarici bazarlara min tonlarla xiyar məhsulu çıxarmaq niyyətindədirlər.

AZƏRTAC xəbər verir ki, sentyabrın ilk həftəsindən Salyanın Yenikənd kəndindəki istixanalardan xiyar yığımına başlanılıb. Yığılan məhsulun əksər hissəsi xarici bazarlara göndərilir. Qiyməti də təsərrüfat sahiblərini qane edir.

Təsərrüfatçı Rüfət Babayev ötən il 25 sot sahədə 5000 xiyar şitili əkərək, 10 ton məhsul götürüb. Bu il də eyni sahədə 5000 xiyar şitili əkən fermer artıq 15 tona yaxın məhsul əldə edib. O, bu rəqəmin daha da artacağına əmindir. Səbəb isə rayonda ilk dəfə olaraq yeni sort xiyar əkməsidir: “Bu, “Yaman” sortu xiyarıdır. Çox məhsuldar sortdur”.

Rüfət Babayev deyir ki, “Yaman” sortundan olan xiyar şitilləri gündə bir dəfə olmaqla, damlama üsulu ilə suvarılır.

Bu məhsulun özəlliyi həm də dərmansız yetişdirilməsidir. Bol tərəvəz əldə etmək üçün düzgün aqrotexniki qulluğun əhəmiyyəti böyükdür. İstixana şəraitində tərəvəz məhsullarının istehsalı çətin və daha çox vəsait tələb etsə də, məhsul istehsalçıları bu sahənin ənənəvi əkinə nisbətən gəlirli olduğunu bildirirlər.

Kənd sakini Qəndab Tağıyeva da bu sahədə çalışır. “Sağ olsun dövlətimiz, bizə gözəl şərait yaradıb. 10 ildir istixanada çalışıram. Ailəmizin gündəlik dolanışığını bu istixanalardan çıxarırıq. Məhsuldarlıq da çox yaxşıdır. Gündə 500-600 kiloqram xiyar yığırıq”, - deyə o bildirib.

Qeyd edək ki, Salyanda ümumi sahəsi 135,4 hektar olan 472 istixana mövcuddur. Bu mövsüm salyanlı fermerlər 1447,7 hektar sahədə tərəvəz becəriblər. Artıq əkilmiş tərəvəz sahəsinin 1331,4 hektarından 26 min 95 ton məhsul yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 792 ton çoxdur. Tədarük olunan məhsulun 4 min 250 tonunu xiyar təşkil edir. Rayonda faraş məhsul yığımı davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.