REGİONLAR
Salyanda ötən il süni mayalanma üsulu ilə alınan buzovlara görə maldarlara 415 min 700 manat subsidiya verilib
Salyan, 18 yanvar, Mahir Babayev, AZƏRTAC
Salyanda heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etməyə marağı daha da artırıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda Salyanda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 5778 baş inək və düyədən 4157 baş buzov alınıb. Hər 100 baş inəyə 71 baş bala düşüb.
Doğulan buzovlara görə maldarlara ümumilikdə 415 min 700 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda Salyanın heyvandarlıq təsərrüfatlarında 62 min baş iribuynuzlu mal-qara saxlanılır. Bunların da əksəriyyəti süni mayalanma üsulu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.