REGİONLAR
Şamaxı Astrofizika Rəsədxanası ilə tanışlıq məktəblilərdə sonsuz iftixar hissləri yaradıb
“Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan tur-aksiya çərçivəsində noyabrın 14-də Şamaxıya gələn Bakının Nizami və Xəzər rayonlarından olan bir qrup məktəblinin ekskursiyası çox maraqlı keçib.
Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Nizami rayon 238 saylı tam orta məktəbinin direktor müavini, qrupun rəhbəri Ruhəngiz Heydərova deyib: Bu gün uşaqlar Azərbaycanın qədim yaşayış məskəni olan Şamaxının keçmişi, bu günü haqda zəngin bilgilər alıblar. Dünya şöhrətli elm mərkəzlərindən olan Nəsrəddin Tusi adına Şamaxı Astrofizika rəsədxanasında gördükləri və eşitdikləri onlarda sonsuz iftixar duyğuları yaradıb. Hazırda Mars və Ay planetlərindəki bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının, habelə Azərbaycanın, Nizami Gəncəvinin, Müslüm Maqomayevin adını daşıyır. Mars planetinin kraterlərindən birinə isə rəsədxananın elmi işçisi Nadir İbrahimovun adı verilib.
Əlbəttə, ilk növbədə maarifləndirici xarakter daşıyan bu səfərlər, aldıqları bilgilər məktəblilərdə vətənpərvərlik hissini gücləndirməklə onların əsl vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir.