ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “ŞAR-da açıq müşahidə gecələrinin sayına təsir edən mümkün amillər” mövzusunda astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elm müəssisəsinin ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin böyük elmi işçisi Vaqif Xəlilovun mövzu üzrə məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, 2004-2018-ci illər ərzində açıq gecələrin sayı 2,8 illik dəyişmələr göstərir. Açıq gecələrin sayının Günəşin 11,2 illik dövrü fəallığı ilə müqayisəsi aparılıb və onlar arasında asılılığın olmadığı (korelyasiya əmsalı 0,23) qənaətinə gəlinib. Göstərilən nəticə Günəş fəallığının bu dövrdə zəif olması ilə izah oluna bilər. Açıq gecələrin sayının Ayın fazaları arasında asılılığı məsələsinə də baxılıb, mümkün təsiredici amillər diqqətə çatdırılıb.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.