CƏMİYYƏT
Şamaxıda piyadanın ölümü ilə nəticələnən qəza törətməkdə şübhəli bilinən sürücü istintaqa cəlb olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Şamaxı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.
Şamaxı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, avqustun 16-da saat 16:30 radələrində Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yolu keçmək istəyən piyada - 2010-cu il təvəllüdlü Yusif Nuriyev Səməd Balayevin idarə etdiyi “VAZ-2121” markalı 90-KA-106 dövlət qeydiyyat nişanlı avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən ölüb. Fakta görə Şamaxı Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin S.Balayev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq idarə etdiyi avtomobillə törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.