CƏMİYYƏT
Şamaxıda yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
Bakı, 30 iyul, AZƏRTAC
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı ünvanı tərk edən koronavirus xəstəsini saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, COVID-19 testinin nəticəsi pozitiv olan Şamaxı şəhər sakini Fariz Mikayılova ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin o, qaydaları kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxmaqla virusun daha çox yayılmasına şərait yaradıb.
Həmin şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvana geri qaytarılıb. F.Mikayılov barəsində Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb.