CƏMİYYƏT
Şamaxıda yerli qida məhsullarının potensialının artırılması məqsədilə qida festivalı keçiriləcək
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 27-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Şamaxıda qida festivalı təşkil ediləcək.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, layihə ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdən biridir və regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasını nəzərdə tutur.
Şamaxıda “Abqora” restoranında təşkil olunacaq qida festivalının məqsədi yerli və xarici qonaqlar arasında yerli ənənəvi qidaların təşviqi və qonaqlar arasında regionun qida ənənələrinə diqqəti artırmaqdır. Festivalda Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim ediləcək. Festivalda, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Avropa İttifaqına üzv ölkələrinin səfirlikləri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatlar və regiondan maraqlı tərəflər olmaqla, 100-dən çox qonağın iştirakı gözlənilir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərin hərtərəfli və sahibkarlıqyönümlü məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla yerli məhsulların satışında və aqroturizmin inkişafına kömək etməkdir.
Layihə çərçivəsində ilk qida festivalı bu ilin sentyabrın 4-də 150-dən çox qonağın iştirakı ilə Şəki şəhərində təşkil edilib.