İQTİSADİYYAT
Saməddin Əsədov: Məqsədimiz Bakıda keçiriləcək Astronavtika Konqresi ilə bağlı daha çox təşviqat və təbliğat işləri aparmaqdır VİDEO
Paris, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Kosmik Agentliyi (Azərkosmos) 73-cü Beynəlxalq Astronavtika Konqresində təmsil olunur. 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresi Bakı şəhərində keçiriləcək. Bu tədbir başa çatan kimi gələn il Bakının ev sahibliyi edəcəyi növbəti Konqresə hazırlıq işləri başlayacaq.
Bu konqres müddətində Beynəlxalq Astronavtika Federasiyasının, onun komitələrinin və Büro üzvləri ilə çoxsaylı görüşlərimiz oldu. Növbəti Bakı Konqresinin təşkilati və prosedur məsələlərini müfəssəl müzakirə etdik. Büro üzvlərinin rəy və təkliflərinin sintezi hazırlandı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Azərkosmosun sədri Saməddin Əsədov deyib.
O bildirib ki, dünyada sayı məhdud olan kosmik ölkələr arasında Azərbaycanın xüsusi yeri var və ölkəmiz bugünkü Konqresdə böyük nümayəndə heyəti ilə təmsil olunur. Beynəlxalq Astronavtika Konqresi kosmik cəmiyyəti bir araya toplayaraq, əməkdaşlıqları müzakirə etməyə yaxşı imkan yaradır. Dünya kosmik iqtisadiyyatının nümayəndələri, eləcə də Avropa və Amerikanın şirkətlərinin təmsilçiləri ilə görüşlər keçiririk. Əsas məqsədimiz 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ilə bağlı təşviqat və təbliğat işləri aparmaq, daha çox xarici şirkətin tədbirdə iştirakını təmin etməkdir. Həmçinin həmkarlarımızla gələcək əməkdaşlıq imkanlarını müzakirə edirik.
Saməddin Əsədov qeyd edib ki, qardaş Türkiyənin Kosmik Agentliyi ilə əməkdaşlığa dair sazişlər imzalanacaq.
“73-cü Beynəlxalq Astronavtika Konqresində uğurlarımızdan biri də ölkəmizdən 34 tədqiqat işinin seçilərək Konqresdə qəbul olunmasıdır. Həmin tədqiqat işlərinin müəllifləri də bizimlə buradadır və 4 gün ərzində tədqiqat işlərini, eləcə də bilik və bacarıqlarını məhz burada bölüşəcəklər”, - deyə S. Əsədov əlavə edib.
Qeyd edək ki, Azərkosmos Cənubi Qafqaz regionunda “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərini idarə edən ilk və yeganə peyk operatorudur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris