İQTİSADİYYAT
“Samur” gömrük postunun əməkdaşları üçün təlim keçirilir
Bakı, 10 sentyabr, AZƏRTAC
Xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə növbəti təlim Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun əməkdaşları üçün təşkil edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması istiqamətində gömrükçülərə zəruri biliklərin verilməsidir.
Təlim 1 həftə davam edəcək. Bundan öncəki təlim Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun əməkdaşları üçün keçirilib.
Peşəkar psixoloq və mütəxəssislər tərəfindən keçirilən təlimlərə avqustun 19-dan başlayıb. Təlimlərə ilkin olaraq ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət keçən 500-dək gömrük əməkdaşının cəlb olunması nəzərdə tutulub.