SİYASƏT
Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının payız sessiyası və 50-ci yubiley plenar iclası keçiriləcək
Sankt-Peterburq, 14 noyabr, AZƏRTAC
Noyabrın 21-22-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının (MDB PA)
payız sessiyası keçiriləcək.
MDB PA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, payız sessiyasının əsas tədbirləri təşkilatın qərargahında, Tavriya Sarayında keçiriləcək.
Noyabrın 21-də MDB PA Şurasının dörd daimi komissiyasının - dövlət quruculuğu və yerli özünüidarə təcrübəsinin öyrənilməsi, aqrar siyasət, təbii ehtiyatlar və ekologiya, iqtisadiyyat və maliyyə, elm və təhsil komissiyalarının iclasları keçiriləcək.
Elə həmin gün MDB Parlamentlərarası Gənclər Assambleyasının iclası başlanacaq. “Kənd ərazilərinin davamlı inkişafı” mövzusunda dəyirmi masa təşkil ediləcək.
Noyabrın 22-də Sarayın Duma zalında MDB PA-nın 50-ci plenar iclası başlanacaq. Bu iclas çərçivəsində MDB PA-nın Çingiz Aytmatov adına mükafatı və digər təltiflər təqdim ediləcək. Plenar iclasın sonunda Duma zalında konsert olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC–ın xüsusi müxbiri
Sankt-Peterburq