DÜNYA
Şanxay bələdiyyəsi sənaye turizmini genişləndirməyi planlaşdırır
Pekin, 23 sentyabr, AZƏRTAC
Çinin iqtisadi və maliyyə mərkəzi olan Şanxay bələdiyyəsi şəhərdə sənaye turizmini inkişaf etdirmək üçün xüsusi plan hazırlayıb.
AZƏRTAC xəbər verir ki, 3 illik planın əsas məğzi Şanxaydakı sənaye parklarına, müəssisələrinə daha çox turizm cəlb etməkdir. Bu məqsədlə daha çox sənaye müəssisəsi turistlər üçün açıq elan olunacaq. Bundan başqa, bu sahə üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün müəyyən addımlar atılacaq. Plana əsasən, 2020-ci ilədək şəhərdəki sənaye sahələrini ziyarət edən turistlərin sayı 15 milyon nəfərə çatdırılacaq. Ötən il bu rəqəm 13 milyon nəfər olub.
Qeyd edək ki, Çinin sənaye qovşağı və dünyanın ən məşğul liman şəhəri olan Şanxayda yerli şirkətlər yanaşı, tanınan korporasiyaların iri zavod və fabrikləri, yığım sahələri fəaliyyət göstərir. Bunlar arasında, “Volkswagen”, “General Motors”, “Inventec”, “LG Electronics”, “Ericsson”, “Nokia”, “BASF” və digərləri var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin