DÜNYA


Şanxayın ən böyük sərgi mərkəzində COVID-19 pasiyentləri yerləşdiriləcək VİDEO

Şanxayın ən böyük sərgi mərkəzində COVID-19 pasiyentləri yerləşdiriləcək VİDEO

Pekin, 7 aprel, AZƏRTAC

Çinin əhali sayına görə ən böyük şəhəri və işgüzar mərkəzi olan Şanxaydakı Milli Sərgi və Konvensiya Mərkəzinin təyinatı müvəqqəti olaraq dəyişdirilərək, COVID-19 pasiyentlərinin yerləşdirilməsi üçün hazırlanır.

AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, dünya səviyyəli sərgilərin təşkil olunduğu mərkəzin 8 pavilyonunda 40 min çarpayı yerləşdiriləcək. Bu, Şanxayda ən iri müvəqqəti xəstəxana olacaq. Hazırda sərgi mərkəzində müvafiq quraşdırma işləri aparılır.

Pandemiya dövrünün ən çətin günlərini yaşayan Şanxayda artıq bir neçə mehmanxana, sərgi mərkəzi, idman arenası simptomsuz və yüngül simptomlu COVID-19 pasiyentlərinin yerləşdirilməsi üçün istifadə olunur.

Qeyd edək ki, martın əvvəlindən etibarən Çinin müxtəlif yaşayış məntəqələrində, o cümlədən Şanxayda virusa yoluxmalar davamlı olaraq çoxalır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka Çinin materik hissəsində 22 min 995 yerli yoluxma, o cümlədən 21 min 711 asimptomatik yoluxma qeydə alınıb. Yoluxmaların əksər hissəsi (19 min 982) Şanxayda aşkarlanıb. Hazırkı “omikron” dalğasında ardıcıl 2 gündür ki, yoluxma sayı 20 mindən çoxdur.

Şanxay da daxil olmaqla bir neçə yaşayış məntəqəsində qapanma tətbiq olunur. Şanxayın təxminən 26 milyon sakini bir neçə dəfə PZR və sürətli antigen testi verib. Yoluxmaların çoxalmasını nəzərə alan şəhər hökuməti yaşayış məhəllələrində tətbiq olunan qapanma rejimini qeyri-müəyyən müddətə uzadıb. Sakinlərin evlərini tərk etməsinə tibbi ehtiyaclar istisna olmaqla, icazə verilmir. Bu, Uhan qapanmasından sonra Çində 2-ci ən irimiqyaslı qapanmadır.

Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 pandemiyası ilə ikinci böyük mübarizəsi hesab edirlər. Yoluxuculuq qabiliyyəti daha yüksək olan, amma daha az hospitalizasiyaya səbəb olan “omikron” ştamının dominantlıq etdiyi ölkələrin çoxu “Virusla birgə həyat” strategiyasını tətbiq edərək, qapanmalar da daxil olmaqla karantin qaydalarını maksimum dərəcədə yumşaltsa da, Çin “Sıfır COVID” və ya “Virussuz həyat” prinsipində israrlı qalaraq, infeksiyanın yayılmasını tam nəzarət altına almağa çalışır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.