REGİONLAR


Sarmaşıq kimi əksə də, min dərdin dərmanıdır  VİDEO

Gəncə, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncənin Sadıllı məhəlləsinin sakini, bağ həvəskarı olan Nizami Abbasovun həyətindəki çardaqda ürəkşəkilli yarpaqlar arasından boylanan, xüsusi görünüşü və qoxusu olan meyvə görənlərin diqqətini çəkir.

Nizami Abbasov AZƏRTAC-a müsahibəsində həyətində becərdiyi bu qəribə bitki ilə çoxlarının maraqlandığını deyir.

“Üzəri nahamar, yetişdikdə tünd narıncı, içərisindəki xırda, lətli meyvələri isə al qırmızı rəngdə olan bu meyvə hind narıdır”, - deyən Nizami Abbasov bildirir ki, ilk dəfə hind narının iki toxumunu əldə edib və həyətində basdırıb. Yazın əvvəlində cücərən toxumlar sarmaşıq kimi boy atıb və bar verməyə başlayıb.

Əslində isə həmin bitkinin elmi ədəbiyyatda adı Mamordika Xarançiyadır. Cənub, Cənub-Şərqi Asiyanın tropik və subtropik meşələrində, eləcə də Çində və Karib adalarında geniş yayılan birillik ot bitkisi olan Mamordika Xarançiya həmin yerlərdə dağ xiyarı, yaxud Çinin dağ qovunu kimi tanınır.

Gəncəli bağban bu bitkini həyətində daha çox sarmaşıq kimi dekorativ məqsədlə əksə də, Mamordika Xarançiya böyük tibbi əhəmiyyətə malik, tərkibi bir çox vitaminlərlə və elementlərlə zəngin faydalı məhsuldur. Bu bitki qocalmanın qarşısını alır, insana gümrahlıq bəxş edir, sağlamlığı möhkəmləndirir. Mamordika qanda şəkərin miqdarını tənzimləyir, beyini qidalandırır, orqanizmdəki bir çox bakteriya, virus və xərçəng hüceyrələrini məhv edir, mədə xorası, hipertoniya, hətta leykemiya kimi xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Hazırda Mamordika Çinin xalq təbabətində və müasir tibb elmində bir sıra ağır xəstəliklərin müalicəsində tətbiq edilir. Mamordikadan bu bitkinin becərildiyi ölkələrin mətbəxində bir-birindən dadlı və ləzzətli xörəklərin hazırlanmasında da geniş istifadə olunur.

Nizami Abbasov təkcə hind narı yetişdirmir. Onun qonaqları həyətdəki bar verən banan ağacını da gördükdə təəccüb edirlər. Axı banan tropik və subtropik bölgələrdə yetişir. Bu yerdə məşhur atalar sözü yada düşür: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.