DÜNYA
“Saudi Aramco” 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək
Bakı, 15 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 10 illik investisiya planını açıqlayıb. “Saudi Aramco”nun icraçı direktoru Amin Nasser bildirib ki, şirkət qarşıdakı 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək. İnvestisiyalar infrastruktur və qazma ilə yanaşı, yeni sektorlara da yönəldiləcək. Şirkət qazma əməliyyatlarına 134 milyard dollar, neft quyularına isə 78 milyard dollar sərmayə qoyacaq. “Saudi Aramco”nun 5 faizlik səhmləri isə 2018-ci ildə satışa çıxarılacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “Exxon Mobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfərə isə əcnəbi vətəndaş işləyir.