CƏMİYYƏT
Səbail rayonunda çağırışçı gənclər müddətli həqiqi hərbi xidmətə yola salınıblar
Bakı, 4 iyul, AZƏRTAC
Səbail rayonundan olan çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) AZƏRTAC-a bildiriblər ki, xidmətin Səbail Rayon İdarəsinin şəxsi heyətinin, icra hakimiyyəti aparatının, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə çağırışçı gənclər təntənəli mərasimlə müddətli həqiqi hərbi xidmətə yola salınıblar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, Vətənimizin keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrinin vacibliyindən danışıb.
SHXÇDX-nin Səbail Rayon İdarəsinin baş zabiti, mayor Ramin Məmmədov Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməyə yola düşən gəncləri, onların valideynlərini və yaxınlarını təbrik edərək çağırışçıların qorxmaz, cəsur və layiqli əsgər olacaqlarına inandığını bildirib.
Valideynlər adından çıxış edən Bəhrəm Məmmədzadə övladlarını hərbi xidmətə yola salmaqdan qürur duyduqlarını ifadə edib, çağırışçı gənclərə çətin və məsuliyyətli əsgər həyatında uğurlar arzulayıb. Digər çıxış edənlər Azərbaycan xalqının qəhrəmanlıq ənənələrindən söhbət açıb, bu gün hərbi xidmətə yola düşən gənclərə ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Vətən övladlarından nümunə götürməyi tövsiyə ediblər.
Çağırışçılar adından çıxış edən Əsəd Həmidzadə əsgər adını şərəflə daşıyacaqlarına, hərbi sirlərə dərindən yiyələnəcəklərinə söz verib və Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmaq kimi şərəfli bir missiyanı yerinə yetirəcəkləri ilə fəxr etdiklərini deyib.
Sonda çağırışçı gənclər Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.