CƏMİYYƏT
Səbail rayonunda silsilə oğurluqlar edən 7 nəfər saxlanılıb
Bakı, 27 sentyabr, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı rayon ərazisində baş verən bir neçə oğurluq hadisəsini törədən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı əvvəlcə Səbail rayonunda avtomobillərdən, mağazalardan və digər iaşə obyektlərindən oğurluqlar edən Şəhrur Dadaşov, Taləttin Əhmədov, Elxan İsayev tanışı Kamal Quliyev və Rasim Abdurəhmanov saxlanılıblar.
Bu şəxslərin Səbail rayonu və paytaxtın digər ərazilərində 5 obyektdən və avtomobildən oğurluq etdikləri müəyyən edilib. Saxlanılan şəxslərdən biri - Rasim Abdurəhmanov isə Səbail rayonunda dəyəri 2 min manat olan bir ədəd moped oğurladığı üçün saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər tutularaq istintaqa təqdim edilib. Bu şəxslərin üzərindən narkotik vasitə heroin aşkar olunub.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.