CƏMİYYƏT


Səbail rayonunda telefon və velosiped oğurluqları edən şəxslərin anbaan görüntüləri

Bakı, 15 yanvar, AZƏRTAC

Paytaxt ərazisində yerləşən mağazalardan birində işləyən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət edərək obyektə müştəri kimi gələn bir nəfərin kassanın yanında ona məxsus 2 ədəd mobil telefonu oğurladığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib. Ü.Babayevin bu üsulla paytaxt ərazisində 10-dan çox mağazadan oğurluq etdiyi məlum olub. Onun bəzi mağazalardan oğurluq etməsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı binaların dəhlizlərində olan velosipedləri oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Kənan Məmmədov tutulub. Onun Səbail rayonunda bir nəfərin dəyəri 1200 manat məbləğində olan velosipedini oğurladığı sübuta yetirilib. Kənan Məmmədovun da etdiyi oğurluq kameralar vasitəsilə lentə alınıb. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı hər iki şəxs barəsində 9-cu polis bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Ümüdbəy Babayev və Kənan Məmmədovun paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.