REGİONLAR


Sədərək döyüşlərinin iştirakçısı: Rəşadətli ordumuzun cəbhədə qazandığı uğurlar bizi çox qürurlandırır

Sədərək, 19 oktyabr, AZƏRTAC

Son günlər mühüm strateji əhəmiyyətə malik Füzuli şəhərinin və Cəbrayıl rayonunun bir çox kəndlərinin işğaldan azad edilməsi, düşmənin hərbi hissələrini və silah sursatlarını ataraq qaçmaları bir daha mənfur düşmənin Azərbaycan Ordusu qarşısında acizliyini göstərir. Azərbaycan əsgərinin qarşısına çıxmağa cəsarəti olmayan ermənilər isə dinc sakinləri atəşə tutur, insanlığa sığmayan cinayətlər törədirlər.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Şərur rayonunun Kərimbəyli kənd sakini, Sədərək döyüşlərinin iştirakçısı Vidadi Həsənov deyib.

O bildirib ki, erməni ordusunun dinc yaşayış məntəqələrini hədəf seçməsinə baxmayaraq sakinlərin öz ev-eşiyini tərk etməmələri düşmənə növbəti dərs verir. Bu, onu göstərir ki, qatil, cinayətkar ermənilər hansı yola əl atsalar da canlarını Azərbaycan əsgərinin əlindən qurtara bilməyəcəklər. Bu gün ordumuz Prezidentimiz, Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında Vətənimizin şanlı zəfər tarixini yazır!

Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən Sədərək döyüşlərini də xatırladan Vidadi Kərimbəyli deyib ki, xalqımız düşmənə qarşı yumruq kimi birləşdiyi anda onun üzərində çox böyük üstünlük əldə edir. Sədərək döyüşləri zamanı da belə oldu. On dörd dəfə erməni hücumuna məruz qalan, 108 igid eloğlumuzun şəhidlik zirvəsinə ucaldığı Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atsalar da, bir addım irəliləyə bilmədilər. Düşmən ardıcıl artilleriya atəşi ilə burada 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati binaları, sosial obyektləri dağıdaraq, əhalidə xof yaratmağa çalışdı. Buna baxmayaraq, sədərəklilər evlərini tərk etmədilər, muxtar respublika sakinləri isə onlara gecə-gündüz lazımi yardım və kömək göstərdilər. Sonda elə bir vəziyyət yarandı ki, ermənilər artıq Naxçıvanın döyüşçülərindən necə xilas olacaqları barədə düşünməyə başladılar. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı başlayandan ermənilər məhz Sədərəkdə düşdükləri vəziyyətlə qarşılaşıblar. Bu dəfə Azərbaycan Ordusu onlara elə dərs verəcək ki, ömür boyu bunu unutmayacaqlar.

Bu gün hər bir Azərbaycan vətəndaşını rəşadətli ordumuzun cəbhədə qazandığı uğurlar çox sevindirir, qürurlandırır. Hər birimiz inanırıq kimi, Azərbaycan Ordusu tezliklə işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək və üçrəngli bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə dalğalandırılacaq. Çünki Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.