REGİONLAR
Sədərək rayonunda işaxtaranlara 72 boş iş yeri təqdim edilib
Sədərək, 8 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlcədən müəyyən edilmiş qrafik əsasında növbəti əmək yarmarkalarının təşkilinə başlanılıb. İlk belə tədbir Sədərək rayonunda keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əmək yarmarkasında işaxtaranlara, ümumilikdə, 10 müəssisədən 72 boş iş yeri təqdim edilib. Nəticədə 7 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərişi təmin olunub, 3 nəfərin peşə hazırlığı kurslarına, 12 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Tədbirə hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət olunub. Gənclərdən 3-nün peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası oktyabrın 12-də Kəngərli rayonunda təşkil ediləcək.
Qeyd edək ki, işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması baxımından ən səmərəli məşğulluq tədbirlərindən biri də əmək yarmarkalarıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, hər rüb ərzində muxtar respublikamızın bütün şəhər və rayonlarında təşkil edilən bu yarmarkalarda vətəndaşlar boş iş yerlərinə göndəriş almaq, digər aktiv məşğulluq tədbirlərinə, həmçinin peşə hazırlığı kurslarına cəlb olunmaq imkanı əldə edirlər.