SİYASƏT
Səfər Qaraqoyunlu: Tarixi ədalət bərqərar oldu
İstanbul, 10 noyabr, AZƏRTAC
Azərbaycanı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi, Azərbaycan xalqını və bütün türk dünyasını bu şanlı qələbə münasibətilə təbrik edirəm. Sevincimizin həddi-hüdudu yoxdur. Tarixi Azərbaycan torpaqları öz sahiblərinə qaytarıldı. Tarixi ədalət bərqərar oldu. Dünya bir daha türkün, şanlı Azərbaycan Ordusunun gücünə şahidlik etdi. 28 illik həsrət sona çatdı. Bunu sözlərlə ifadə etmək mümkün deyil. Qarabağ yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün müqəddəsdir, əzizdir, doğmadır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.
O deyib: “Tarixi qələbə əldə olundu. Lakin unutmamalıyıq ki, müharibə cinayətləri törədən, neçə günahsız insanın, uşağın ölümünə səbəb olan Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də Xocalı və bu kimi bir çox soyqırımları törədənlər Avropa İnsan Haqları Məhkəməsi və insanlıq qarşısında cavab verməlidirlər. Yalan məlumatlarla millətini uçuruma aparan N.Paşinyan öz xalqı qarşısında da cavab verməlidir. Şanlı Azərbaycan Ordusunun gücü, qələbə çalacağı ilk gündən tərəddüdsüz idi. Hər zaman olduğu kimi, bu savaşda da Türkiyə Azərbaycanın yanında oldu, ilk gündən qardaşının qələbəsinə inandı və budur, Azərbaycan əsgəri hər birimizi sevinc göz yaşlarına qərq etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhidimizin ruhu şad olsun. Yaşasın Azərbaycan, yaşasın Türkiyə, yaşasın “Bir millət, iki dövlət”! Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul