CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha bir layihəyə start verib
Bakı, 27 yanvar, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi yeniyetmə və gənclərin vətəndaşlıq hissinin, vətənpərvərlik ruhunun güclənməsi sahəsində ardıcıl layihələr həyata keçirir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, yaradılmasının səkkizinci ildönümü ərəfəsində SHXÇDX bu işlərin davamı olaraq, respublikanın bütün şəhər və rayonlarını əhatə edən, əhalinin daha sıx məskunlaşdığı ərazilərdə, küçə və meydanlarda, ictimai yerlərdə təbliğatın aparılması məqsədilə vətənpərvərliyi tərənnüm edən banerlər quraşdırıb.
Xatırladaq ki, Xidmət bundan əvvəl tərəfdaş qurumlar – “Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Nəqliyyat Agentliyi ilə birgə SHXÇDX tərəfindən hazırlanmış videoçarxların metro stansiyalarında, sərnişin vağzallarında, Nəqliyyat Mübadilə Mərkəzində yayımını həyata keçirib.