SİYASƏT
Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var
Bakı, 8 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin katibliyinin nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Şefik Caferoviç Mərkəzin gördüyü işləri yüksək qiymətləndirərək, Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən Qlobal Bakı forumlarının beynəlxalq əhəmiyyətini vurğulayıb, dünyanın hazırda yaşanan qlobal münaqişələr və böhran dönəmində bu cür nüfuzlu şəxslərin bir araya gələrək müzakirələr aparılmasının böyük önəm daşıdığını bildirib.
Görüş zamanı bu il sentyabrın 20-22-də BMT Baş Assambleyası çərçivəsində Mərkəzin təşkil edəcəyi 24-cü Ali səviyyəli toplantının mövzuları müzakirə olunub.
Toplantıda Şefik Caferoviç, BMT-nin müxtəlif qurumlarının rəhbərləri və Mərkəzin üzvləri iştirak edəcəklər.
Sonda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Qarabağda baş verən son hadisələrlə bağlı narahatlığını bildirib, bu gərginliyin tezliklə aradan qaldırılmasını arzulayıb.