SİYASƏT


Səfir Dursun Həsənov: Azərbaycan hər zaman dost Gürcüstana yardım edib

Tbilisi, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Gürcüstanda Dövlət Bayrağı Günü qeyd olunub. Bu münasibətlə paytaxt Tbilisidə və ölkənin regionlarında silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Laqodexi rayonunda keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, ictimaiyyətin nümayəndələri, o cümlədən gürcü və azərbaycanlı gənclər iştirak ediblər.

Laqodexi şəhərinin meri Condo Diriaşvili tədbirdə çıxış edərək bayraq gününün əhəmiyyətindən və xalqının müstəqillik mübarizəsindən danışıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov dost və qardaş gürcü xalqını bayram münasibətilə təbrik edib. Xalqlarımızın oxşar talelərindən, müstəqillik mübarizəsinin bənzərliyindən söz açan diplomat bildirib ki, Azərbaycan və Gürcüstan Dövlət Bayraq Gününü təntənə ilə qeyd edirlər. Bayraq hər bir millətin qürur mənbəyidir.

Azərbaycan-Gürcüstan dostluğunun əhəmiyyətini vurğulayan səfir deyib ki, rəsmi Bakı münasibətlərimizin hərtərəfli inkişafında maraqlıdır. Azərbaycan hər zaman dost gürcü xalqının yanında olub və bundan sonra da olacaq.

Laqodexi bələdiyyəsinin sədri Kaxa Camburiya qardaş Azərbaycanın köməyini daim hiss etdiklərini bildirib, göstərilən diqqətə, dəstəyə və yardıma görə minnətdarlığını ifadə edib.

Digər çıxış edənlər də Azərbaycan-Gürcüstan dostluğundan, ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivlərindən danışıblar.

Sonra Gürcüstanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.