REGİONLAR
Şəhid Anar Tağıyevin xatirəsi yad olunub VİDEO
Beyləqan, 15 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək, tarixə şərəfli imzasını atan şəhidlərimizdən biri də Anar Tağıyevdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri Anar Tağıyevin, həmçinin digər şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.
Anım mərasimində çıxış edənlər Anarın şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, Anar 1996-cı il oktyabrın 14-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Hərbçi olmağı, Vətənə, xalqa xidmət etməyi özünə şərəf bilən Anar Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Vətən müharibəsində düşmənə ağır zərbələr vurub. Hətta yaralanmasına baxmayaraq, döyüşlərdən geri çəkilməyib. Oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.