CƏMİYYƏT


Şəhid Paşa Nəzərovun dul xanımı: Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinə xüsusi diqqət və qayğı göstərilir

Bakı, 10 avqust, Əziz Məmmədov, AZƏRTAC

Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Prezident İlham Əliyevin imzaladığı iki sosial paket bu ilin ötən dövrü ərzində əməkhaqqı, pensiya və müavinətlərin ciddi artmasına gətirib çıxarıb. Əlbəttə, Azərbaycanda minimum əməkhaqqı müxtəlif dövrlərdə artırılıb, lakin dövlətçilik tarixində minimum əməkhaqqı ilk dəfə bir il ərzində təqribən iki dəfə artıb. Şəksiz ki, bu, vətəndaşların sosial rifahının yaxşılaşmasına kömək edəcək.

Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Qarabağ müharibəsi şəhidi, Azərbaycan Milli Ordusunun 701 nömrəli birinci hərbi hissəsinin leytenantı Paşa Nəzərovun dul xanımı Yelena Jovtis söyləyib. O deyib: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Prezident sarayında şəhid ailələri ilə görüşünü də xatırlamaq istərdim. Prezident birdəfəlik ödəmə kartını mənə şəxsən təqdim etdi. Mən Prezidentimizə çox minnətdaram”.

Onun sözlərinə görə, şəhid ailələrinə qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. “Olduqca xoşdur ki, ölkəmizdə Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmətlə anılır. Paşa Nəzərov Yasamal rayonundakı 60 nömrəli orta məktəbdə oxuyub. Hazırda məktəb onun adını daşıyır. Prezident İlham Əliyev məktəbin yeni binasının açılışında şəxsən iştirak edib. Mən, qızım Yana və ABŞ-da yaşayan nəvəm Timur Paşa bilirik ki, Paşa Nəzərov unudulmayıb”, - deyə Yelena Nikolayevna fikrini tamamlayıb.

Paşa Dərdayıl oğlu Nəzərov 1952-ci ildə Bakıda anadan olub. Qorki şəhərində Daxili Qoşunlarda hərbi xidmət başa çatandan sonra Azərbaycana qayıdıb, 6 nömrəli islah-əmək düşərgəsində axtarış qrupunun rəisi vəzifəsində işləyib. 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb. Azərbaycan Milli Ordusunun birinci hərbi hissəsinin döyüşçüsü kimi Ağdam, Laçın və Kəlbəcər rayonlarının kəndlərinin müdafiəsində, Daşaltı əməliyyatında iştirak edib. O, 1993-cü il aprelin 4-də Murovdağ istiqamətində hərbi əməliyyat zamanı qəhrəmancasına həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.