İDMAN
Şəhid Ülvi Məmmədovun xatirəsinə həsr olunmuş beynəlxalq blits turnirinə yekun vurulub
Bakı, 13 fevral, AZƏRTAC
Şəhid Ülvi Məmmədovun xatirəsinə həsr olunmuş blits üzrə beynəlxalq “Zəfər” kuboku turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, məktəblilər arasında İsveçrə sistemi üzrə onlayn formatda keçirilən turnirdə 7 turdan maksimum xal toplayan Kənan Qarayev yarışın qalibi olub. Türkiyə təmsilçisi Mustafa Can 6 xalla ikinci, onunla eyni xalı yığan Rəvan Uğuzov üçüncü yerləri tutublar.
Bakı Şəhər və Quba Rayon Gənclər və İdman idarələrinin, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı, Şahmat Federasiyasının dəstəyi ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran və Gürcüstandan 100-ə yaxın şahmatçı iştirak edib.
Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların şərəfli həyat yolunu təbliğ etməkdir.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Ülvi Məmmədov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.