ORDU
Şəhid hərbçi Qoşqar Qurbanovun medalı ailəsinə təqdim olunub



Bakı, 25 fevral, AZƏRTAC
Ötən ilin dekabrında cəbhə xəttində qəhrəmancasına həlak olmuş çavuş Qoşqar Qurbanovun Qazax rayonunun Fərəhli kəndində anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon İcra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən polkovnik Elşad Əbilov bildirib ki, 1999-cu ildən orduda xidmət etmiş kiçik çavuş Qoşqar Qurbanov ilk gündən nizam-intizamlı, çalışqan və cəsarətli hərbçi kimi tanınıb, döyüş tapşırıqlarını vicdanla yerinə yetirib. O, Qazax rayonu istiqamətində Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nağdəliyev, şəhidin qardaşı xidmətdə olan kiçik çavuş Mahmud Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti, mayor Vüqar Mirzəyev, şəhidin qohumu Nurəddin Məmmədov, rayon və kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və başqaları Vətənə layiqli övlad böyütdüklərinə görə şəhidin ailəsinə minnətdarlıqlarını bildiriblər.
Sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən onun oğlu Elmir Qurbanova təqdim olunub.
Şəhidin qardaşı M.Qurbanov göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib, qəhrəman oğullarımızın qanının yerdə qalmayacağına əminliyini ifadə edib.