REGİONLAR


Şəhid olduğu posta adı verilən qəhrəman döyüşçü VİDEO

Quba, 4 iyun, Elxan Yusifli, AZƏRTAC

Vətən müharibəsi şəhidi Rəvan Yusif oğlu Əliyev Ağdam, Cəbrayıl və Zəngilan rayonları istiqamətində qəhrəmanlıqla döyüşüb. On doqquz yaşlı döyüşçü ölümündən sonra 3 medalla təltif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəvan Əliyev 2001-ci il mayın 27-də Sumqayıt şəhərində doğulub. Sonradan ailəsi ilə birlikdə Quba şəhərinə köçüb. Quba şəhər Zaur Cəfərov adına 3 saylı tam orta məktəbdə təhsil alan Rəvan, eyni zamanda, musiqi məktəbində tar ifa etməyi də öyrənib. Evin tək oğul övladı olan Rəvan idmanla da yaxından maraqlanırdı. Futbol yarışlarında uğur qazanaraq fəxri fərmanlarla təltif edilib. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.

Rəvan Əliyev 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb. Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarında xidmət edən Rəvan Vətən müharibəsi başlayanda cəbhəyə yollanmaq üçün komandirlərinə müraciət edib. Könüllü olaraq döyüşlərə yollanan Rəvan Ağdam, Cəbrayıl və Zəngilan cəbhələrində qəhrəmanlıqla döyüşüb.

“Müharibə başlayandan döyüşlərdə olub. Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 22-də Zəngilanda şəhid olub. Rəvanın xatirəsi hər yerdə ehtiramla anılır. 20 yaşı olanda kəndimizdə bulaq kompleksinin açılış oldu. Mən oğlumla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rəvan həyatsevər, ailəyə bağlı oğul idi. Tarda ifa etməyi öyrənmişdi. Ən çox futbola həvəsi vardı. “Barselona” futbol klubunun stadionu “Nou Kamp”da matç izləmək ən böyük arzularından biri idi. Rəvan şəhid olandan sonra 3 medalla təltif olunub. Şəhid olandan sonra döyüş yoldaşları məndən nə lazım olduğunu soruşanda onlardan oğlumun hərbi geyimini istədim. Əvvəlcə təsəlli üçün sərhədçilərimizin formalarından birini verdilər. Daha sonra oğlumun özünün geydiyi hərbi geyimi də mənə təqdim elədilər. Döyüş yoldaşları daim Rəvanı yad edirlər. Evimizə də gəliblər”, - deyə şəhidin atası Yusif Əliyev söyləyib.

Vətən müharibəsi başlayanda Rəvanın hərbi xidmətinin başa çatmasına üç ay qalmışdı. Düşmənə qan udduran döyüşçü oktyabrın 22-də Zəngilan uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Rəvan Əliyev Quba şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

“Rəvan haqqında danışmaq çətində olsa, qürurvericidir. Evin tək oğlu olub. Bir bacı, bir qardaş idilər. Elə balacalığından hiss edirdim ki, bu uşaqda vətənpərvərlik ruhu daha yüksəkdir. İllər keçdi Rəvan şəhid oldu. Mən indi anladım ki, oğlumu niyə fərqləndirirdim. Çünki şəhidlər seçilmişlərdir. Rəvan kimi oğullar sayəsində torpaqlarımız azad olundu. Onlar Azərbaycanın ən yeni tarixini qızıl hərflərlə yazdılar. Rəvan tarix dərsini çox sevirdi. Qədim Azərbaycan dövlətlərinin xəritələrini çəkirdi. Kollecdə də oxuyanda tarix dərslərindən yaxşı qiymətlər alırdı. Vətənə, bayrağımıza olan sevgisindəndir ki, Rəvan Sərhəd Qoşunlarının könüllü döyüşlərə atılan hərbçilərindən oldu. Hara getsə bayrağımızı özü ilə aparırdı. Sonuncu dəfə müharibə başlamamışdan bir neçə gün əvvəl danışmışdıq. Sonra heç əlaqə saxlamadı. Hamımız üçün ağırdır. Amma onun şəhid olması ən çox bacısına təsir edib. Allah şəhid olan döyüşçülərimizə rəhmət eləsin”, - deyə şəhidin anası Mehriban Əliyeva bildirib.

Şəhid Rəvan Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçədə abidə-bulaq kompleksi inşa olunub. Qubada yerləşən küçələrdən birinə Rəvanın adı verilib. Bununla yanaşı, onun Zəngilanda şəhid olduğu döyüş mövqeyi də şəhidimizin adı ilə “Rəvan postu” adlandırılıb.

Şəhid Rəvan Əliyev ölümündən sonra “Zəngilanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.