REGİONLAR
Şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq
Sabirabad, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Rayon icra hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, şanlı Qələbə ilə sona çatan Vətən müharibəsində canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.
Tədbirin bədii hissəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.