İQTİSADİYYAT
“Şəki Şərab”ın dövlətə məxsus payı investisiya müsabiqəsinə çıxarılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Şəki Şərab” MMC-nin dövlətə məxsus 3 milyon 898 min 812 manat dəyərində olan payı və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, müəssisənin nizamnamə kapitalı 4 milyon 500 min manat, öhdəlikləri 535 min 744 manat, debitor borcları 233 min 245 manat təşkil edir.
Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4 milyon 200 min manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
İddiaçılar “Şəki Şərab” MMC-nin dövlətə məxsus payının alınmasına görə dövlət büdcəsinə 1 milyon 600 min manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir. İddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 1 milyon manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb edilir.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində cəmiyyətin dövlətə məxsus payı üzrə alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir. Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3l5dwTz
İddiaçıların ərizə və təkliflərinin qəbulu dekabrın 23-dək iş günləri saat 10:00-dan 17:00-dək olmaqla Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaq.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında dekabrın 24-də saat 12:00-dan başlayaraq həyata keçiriləcək.