CƏMİYYƏT
Şəki-Zaqatala bölgəsində fitosanitar müşahidələr aparılıb
Bakı, 2 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fitosanitar müfəttişləri bitki sağlamlığının qorunması və ixrac olunan məhsullarda risk səviyyələrinin müəyyən edilməsi məqsədilə Şəki-Zaqatala bölgəsində fındıq və meyvə istehsalı ilə məşğul olan fermerlərlə maarifləndirici görüşlər keçiriblər. Görüşdə bağlarda fitosanitar müşahidələr aparılıb, zəruri aqrotexniki tədbirlərin görülməsi barədə fermerlərə geniş məlumatlar verilib.
Fındıq bağlarında aparılan müşahidələr zamanı zərərvericilərdən fındıq mənənəsi və fındıq güvəsinə, xəstəliklərdən unlu şehin ilkin əlamətlərinə rast gəlinib. Meyvə bağlarında aparılan müşahidələr zamanı isə almada dəmgil, şaftalı və nektarində yarpaq qıvrılması xəstəlikləri aşkar edilib.
Agentlik əməkdaşları görüləcək mübarizə tədbirləri, istifadə ediləcək pestisidlər barədə sahibkarlara tövsiyələr veriblər. Eyni zamanda hazır məhsulların saxlanıldığı anbarlarda da monitorinq keçirilib.