CƏMİYYƏT
Şəki sakininin evindən külli miqdarda narkotik vasitələr aşkarlanıb
Bakı, 27 yanvar, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanaraq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Şəki şəhər sakini 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış zamanı oradan külli miqdarda - 164 qramdan artıq kustar üsulla hazırlanmış tiryək, 28 qrama yaxın heroin, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan 110 ədəd “Tramadol” həbi və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində T.Vahabov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.