REGİONLAR
Şəkidə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin maliyyə savadlılığının artırılması üzrə təlim keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçirib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sahibkarların və kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verilib, bu islahatların məntiqi nəticəsi olaraq ölkəmizin nüfuzlu “Doing Business 2020” hesabatında 190 ölkə arasında kredit əlçatanlığı indikatoru üzrə 1-ci yerdə qərarlaşması və bu uğurun əldə olunmasında daşınar əmlakın yüklülüyü sahəsində Azərbaycanda aparılan islahatların xüsusi rol oynaması vurğulanıb.
Təlimdə reyestrin üstünlükləri, iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib. Bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Noyabrın 21-nə reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600-dən çox, sistemə daxil edilmiş bildirişlərin sayı isə 40 mindən çox olub.
KOBİA-nın nümayəndəsi çıxış edərək agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğunu, onun fəaliyyət istiqamətləri və “KOB dostu” mexanizmi barədə məlumat verib.