MƏDƏNİYYƏT


Şəkidə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Bakı, 5 iyul, AZƏRTAC

2010-cu ildən etibarən qədim diyarımız olan Şəkidə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il sənətsevərlər on birinci dəfə festivalın şahidi olacaqlar.

Azərbaycan Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı iyul ayının 7-9-u tarixlərində Şəkidə keçiriləcək. Festivalın bədii rəhbəri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə festivalın əhəmiyyətindən və bu illər ərzində festivalda iştirak edən görkəmli musiqiçilərdən və musiqi kollektivləri barədə məlumat verib.

O, festival çərçivəsində konsertlərin yüksək səviyyədə keçiriləcəyini qeyd edib. Bildirib ki, əsas məqsəd bu festivalı pandemiyadan sonra yenidən bərpa etməkdir. Firəngiz Əlizadə Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının zəngin proqramı haqqında ətraflı məlumat verib. O deyib ki, konsertlərdə səslənən əsərlərin əksəriyyəti bizim zəfərimizə həsr olunub. Bu da təbiidir, çünki bu il həm də “Şuşa İli” ilə əlaqədar olaraq ifaçılar da zəfər müjdəli əsərlərə öz repertuarlarında geniş yer verəcəklər.

Xalq artisti söyləyib ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalı iyulun 7-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin çıxışı ilə başlayacaq. Həmin gün 19.00-da “Dərviş” qrupunun, saat 21.00-da isə Marxal Yay Teatrında festivalın təntənəli açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı olacaq. İyulun 8-də saat 13.00-da Şəkinin Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının iştirakı ilə konsert, saat 20.30-da isə Yuxarı Karvansarada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri tərəfindən “Sevil” operası təqdim olunacaq. Bu əsərin festivala daxil edilməsi görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədardır.

İyulun 9-da sənətsevərlər saat 12.00-da Marxal Yay Teatrında Şəkinin “Zirvə” folklor ansamblının çıxışını izləyəcəklər. Saat 20.30-da isə festivalın təntənəli bağlanış mərasimində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.