REGİONLAR
Səlminaz nənə: Keçmişdə bu işi bacarmayan qız-gəlin yox idi VİDEO
Cəlilabad, 8 may, İlkin Adıyev, AZƏRTAC
Azərbaycanda xalçaçılıq ənənələri hələ ta qədimdən mövcud olub. Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzəldilmiş at fiqurunun üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalça sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir.
Qədim zamanlarda xalçaların hazırlanmasında bir çox alətlərdən - yun əyirmək üçün cəhrədən, iti uclu sümük bizlərdən, daraq, həvə, toxmaq və xanadan istifadə edilərmiş. Onlardan bəziləri, o cümlədən cəhrə bu günümüzədək gəlib çatıb. XVIII əsrdən bəri nənələrimizin, qız-gəlinlərimizin istifadə etdiyi bu alətə indi hər evdə rast gəlinmir. Buna baxmayaraq, həmin alətləri qoruyanlar, bu sənəti yaşadanlar da var.
Cəlilabad rayonu Zopun kənd sakini 85 yaşlı Fatma Mirişova 70 ildir cəhrədən istifadə edir. Onun sözlərinə görə, bu işi ona gəlin köçdükdən sonra həyat yoldaşı öyrədib.
Fatma nənə deyir ki, vaxtilə yaşadığı kənddə evlərin əksəriyyətində qoyun yunundan ip əyirmək üçün yun darağı, cəhrə olardı. Yazın son aylarında qoyunların qırxılmasından sonra yun yuyulur və qurudulurdu. Yayda təmizlənmiş yundan payızda ev üçün, ya da qızların cehizləri üçün yorğan-döşək, xalça–palaz hazırlanardı. Fatma nənənin 1977-ci ildə hazırladığı xalça bu gün də incə naxışları ilə göz oxşayır.
O bildirib ki, xalça–palazı toxumaq üçün ilk növbədə yun daranır, sonra isə cəhrə vasitəsilə əyrilmiş ip milə dolanır və hazır məhsula çevrilir. Bunun üçün cəhrənin yanında mütləq yun darağı olmalıdır.
Fatma nənə ilə birgə yun əyirib-darayan Səlminaz Rəsulova da bu qədim el sənətini yaşadan ağbirçəklərimizdəndir. Yun daramaq barədə danışarkən Səlminaz nənə deyir: “Əvvəlcə bir dəstə yun darağın dişinə keçirilir və hər iki əllə yanlara dartılır. Sonra alınmış iki yun dəstəsini üst-üstə qoyub bu prosesi yenidən təkrar etmək lazımdır. Bu iş bütün yun dəstəsi daranana qədər və yun telləri bir-birinə paralel olanadək davam etməlidir. Yun hazır ip formasına gətirildikdən sonra müxtəlif bitkilərdən hazırlanmış boyalarla rənglənir. Əldə olunmuş iplərin bir hissəsindən corab, əlcək, köynək və digər geyimlər, qalan hissəsindən isə xalça toxunur. Keçmişdə geyim əşyalarını toxumaq üçün hər bir evdə müxtəlif formada və ölçüdə toxuma milləri olardı. Bu işi bacarmayan qız-gəlin yox idi”.
Cəhrə ilə yundan ip almaq çətin iş olduğundan müasir dövrdə bu işi görən az adam tapmaq olar. Elə buna görə də bir çox gənc cəhrənin və yun darağının nə olduğunu bilmir...