SİYASƏT
Səməd Seyidov: AŞPA-nın sessiyasında ölkəmizə qarşı əsassız ittihamların əleyhinə çıxaraq mövqeyimizi nümayiş etdirdik
Strasburq, 24 aprel, AZƏRTAC
Bu gün AŞPA-nın yaz sessiyasında Azərbaycana qarşı qeyri-obyektiv yanaşmanın əleyhinə çıxdıq.
Bu fikri AZƏRTAC-a müsahibəsində ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Səməd Seyidov bildirib ki, korrupsiya məsələləri ilə bağlı tamamilə qeyri-obyektiv mövqedə dayanan AŞPA-nın bəzi üzvləri çalışırlar ki, ölkəmizə problemlər yaratsınlar. Onların əsas məqsədi diqqəti AŞPA-nın öz problemlərindən, dünyada gedən ciddi mənfi proseslərdən, başqa üzv ölkələrdə, xüsusilə də Ermənistanda gedən proseslərdən yayındırmaq, süni şəkildə diqqəti Azərbaycanın üzərinə cəlb etməkdir. Biz bunun əleyhinə çıxaraq bildirdik ki, bu, daha çox AŞPA-nın özünə problem yaradacaq, nəinki hansısa formada Azərbaycana.
“Sessiyada bir daha Azərbaycanın mövqeyini müdafiə etdik, prezident seçkiləri ilə bağlı məsələni gündəmə çıxardıq və ölkəmizə qarşı əsassız ittihamların əleyhinə çıxaraq mövqeyimizi nümayiş etdirdik”, - deyə S.Seyidov vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq