MƏDƏNİYYƏT
Səmərqənddə Böyük İpək Yolunda turizmin inkişafı ilə əlaqədar 5-ci iclas keçirilmişdir
Səmərqənd, 11 oktyabr (AZƏRTAC). Dünya Turizm Təşkilatı (DTT) “Özbəkturizm” milli şirkəti ilə birgə Səmərqənddə Böyük İpək Yolunda turizmin inkişafı ilə əlaqədar 5-ci iclas keçirmişdir.
Tədbirdə MDB və Avropa ölkələrinin, həmçinin turizmlə əlaqəli bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Azərbaycanı bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin əməkdaşı Günay Fərədova təmsil etmişdir.
Özbəkistanın Baş nazirinin müavini Eler Qəniyev tədbiri açaraq ölkəsinin turizm potensialı haqqında danışmış, Səmərqənd, Buxara, Xivə, Şəhrisəbz, Mərqilan, Kokand, Termez şəhərlərinin dünyanın ən qədim və gözəl şəhərləri sırasına düşdüyünü vurğulamış, Özbəkistanda turizmin daha da genişləndirilməsinin vacibliyinə toxunmuşdur.
DTT-nın baş katibi Taleb Rifai rəhbərlik etdiyi təşkilatla Özbəkistan arasında əlaqələrin daha da genişləndirilməsi haqqında məlumat vermişdir.
İclasda müxtəlif mövzularda məruzələr dinlənilmişdir.
Günay Fərədova iştirakçılara Azərbaycanın turizm potensialı ilə əlaqədar kitabça və bukletlər paylamışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd