ELM VƏ TƏHSİL
Seminar: Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri
Bakı, 2 iyun, AZƏRTAC
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbirlər planı çərçivəsində iyunun 2-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov “Nizami Gəncəvi İli”ndə Şərqşünaslıq İnstitutunda həyata keçirilən tədbirlərdən danışıb.
Həmin şöbənin elmi işçisi Aygün Yusubova “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə ilk dəfə Yaxın Şərqdə romantik poemanın əsasını qoymuş bir sənətkar olduğunu söyləyərək, əsrlərboyu müxtəlif dillərə tərcümə olunmuş bu əsərə türk şairləri tərəfindən dəfələrlə müraciət edildiyini diqqətə çatdırıb. Bu sənətkarlardan birinin də XVI əsr türk şairi Əhməd Rıdvan olduğunu deyən A.Yusubova onun Nizami əsərlərinə yazdığı nəzirələrdən söhbət açıb. O, həmçinin türk şairinin yaradıcılığına Nizami ədəbi məktəbinin təsirinin xüsusiyyətlərindən bəhs edib.
Daha sonra məruzə ətrafında müzakirə aparılıb. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.