CƏMİYYƏT
Seminar qadınların əmək hüquqları və onun həyata keçirilməsinə dair təminatlara həsr edilib
Bakı, 25 yanvar, AZƏRTAC
Ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Yevlax rayonunda “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları” mövzusunda təşkil edilən seminarda vurğulanıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin Yevlax, Goranboy, Naftalan rayonlarını və Mingəçevir şəhərini əhatə edən 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisindəki ayrı-ayrı işəgötürənlərin və qadın işçilərin iştirakı ilə keçirilən tədbir həmin mövzuda maarifləndirmə məqsədi daşıyıb.
Seminarda ötən dövrdə qadın hüquqlarının müdafiəsi sahəsində ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında”, “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında”, “Analığın mühafizəsi haqqında” Konvensiyalarına qoşulduğu qeyd olunub və bildirilib ki, ölkəmizin əmək qanunvericiliyində həmin sənədlərdən irəli gələn, qadınların digər sahələrdə olduğu kimi əmək və məşğulluq sahəsində də kişilərlə bərabər hüquqlara malik olduğunu nəzərdə tutan prinsiplər əksini tapıb. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda da əmək fəaliyyətində kişi və qadınların bərabərliyinin təmin edilməsi işəgötürənin vəzifələri sırasında qeyd olunur.
Əmək Məcəlləsi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, cinsinə görə də işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları qadın işçilərin əmək hüquqları və onun həyata keçirilməsi sahəsində təminatlar barədə ətraflı məlumatlar veriblər. Həmçinin hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlarla bağlı əmək qanunvericiliyindən irəli gələn prinsiplər barədə danışılıb.
Qadınların əmək hüquqlarına dair tədbir iştirakçılarının verdiyi suallara cavablar verilib, onlara maarifləndirici bukletlər paylanılıb.