CƏMİYYƏT
Seminarda məcburi əmək və insan alverinin qarşısının alınması barədə müzakirələr aparılıb
Bakı, 9 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə keçirdiyi növbəti seminar “Məcburi əmək və insan alverinin qarşısının alınması” mövzusuna həsr olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin 2 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçən seminarda məcburi əməyin qanunla qadağan olunduğu qeyd edilib. Ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında” 29 nömrəli Konvensiyasına qoşulduğu, həmin sənədlərdən irəli gələn prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı diqqətə çatdırılıb.
Bildirilib ki, ölkə Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz və həmin konstitusion prinsip milli əmək qanunvericiliyində də əksini tapıb. Məcəllədə yalnız hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verildiyi qeyd olunur.
Seminarda məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə əlaqəsindən də bəhs edilib. Məcburi əməyin insan istismarının bir forması olduğu, insan alverinin də çox zaman məcburi işlərə cəlb etmək, istismara məruz qoymaq məqsədi daşıdığı bildirilib. Həmçinin məcburi əməyin qarşısının alınması sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin həyata keçirdiyi tədbirlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin insan alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial reabilitasiyası, zəruri yardımlarla təmin edilməsi sahəsində görülən işlər barədə danışılıb.
Seminarda tədbir iştirakçılarının suallarına cavablar verilib, mövzu ilə əlaqədar maarifləndirici bukletlər paylanıb.